Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında ortaq müdafiəni nəzərdə tutan Məkkə müqaviləsinin ratifikasiyası ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TRT telekanalı yayıb.
Səsvermə mərhələsinə qədər sənəd müəyyən edilmiş bir sıra razılaşdırma prosedurlarından keçməlidir. İlk növbədə, qanun layihəsinə parlamentin xarici əlaqələr komitəsində baxılacaq. Əgər müsbət rəy verilərsə, sənəd təsdiqlənmək üçün ümumi səsverməyə çıxarılacaq. Məclis Türkiyənin Məkkə sazişində iştirakını yekun olaraq təsdiqləyərsə, husilərin təhdidləri fonunda Səudiyyə Ərəbistanına hərbi dəstəyin verilməsi məsələsi gündəmə gələ bilər.
Rəsmi Ankara daha əvvəl bildirmişdi ki, bölgəyə hücum əməliyyatlarında iştirak etmək üçün hərbi qüvvə göndərilməyəcək və ölkə yalnız Səudiyyə Ərəbistanının müdafiəsinə töhfə verməyə hazırdır.
Qanunvericiliyə əsasən, Türkiyə hərbçilərinin ölkə hüdudlarından kənara göndərilməsi ilə bağlı hər bir addım konkret hal üçün mütləq şəkildə parlament tərəfindən əlavə olaraq təsdiqlənməlidir.
Qeyd edək ki, avqustun 7-də imzalanan Məkkə müqaviləsinə görə, bu üç dövlətdən hər hansı birinə edilən hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək. Oktyabrın 5-də tərəflər birgə müdafiə öhdəliklərinin praktiki icrasına başlamaq və razılaşdırılmış hərbi qüvvələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün tədbirlər görmək barədə qərar qəbul ediblər. İttifaqın ilk baş katibi vəzifəsinə isə üç il müddətinə ehtiyatda olan pakistanlı general-leytenant Numan Mahmud təyin edilib.