Britaniyalı alim Stiven Hokinq hesab edir ki, bəşəriyyət yaxın 30 il ərzində Yer kürəsindən miqrasiya etməlidir.
Oxu.Az-ın məlumatına görə, alim bu barədə Norveçin Tronheym şəhərində keçirilən Starmus IV elm və incəsənət beynəlxalq festivalında çıxışı zamanı deyib.
Fizik hesab edir ki, 30 il ərzində insanlar Ayda, 50 il ərzində isə Marsda baza yarada bilərlər. Hokinq təklif edir ki, bu səma cismlərinə bitki, göbələk və heyvan nümunələri göndərilsin.
“Mən əminəm ki, insanlar Yer kürəsini tərk etməlidirlər. Planetimizin əhalisi çoxalır, təbii resurslarımız isə azalır”, - fizik bəyan edib.
Hokinq iddia edir ki, miqrasiya planetdə sıxlığı azaldacaq, və qlobal istiləşmə ilə bağlı problem həll olunacaq.
Alim kosmosun öyrənilməsini Amerikanın Xristofor Kolumb tərəfindən kəşf olunması ilə müqayisə edib. O hesab edir ki, bu bəşəriyyətin təbii inkişaf yoludur.
S.B.
www.oxu.az