NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) və ABŞ Energetika Nazirliyi "Artemis" proqramının bir hissəsi olaraq, 2030-cu ilə qədər Ay səthindəki astronavtları enerji ilə təmin edəcək nüvə enerjisi sistemini inkişaf etdirmək üçün əməkdaşlığı bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, tərəflər arasında bu yaxınlarda imzalanan anlaşma memorandumu, ABŞ Prezidenti Donald Trampın 2030-cu ilə qədər Aya və orbitə nüvə reaktorları yerləşdirməklə ölkənin kosmik üstünlüyü vizyonunu irəli aparır.
"Prezident Trampın milli kosmik siyasətinin bir hissəsi olaraq, ABŞ Aya qayıtmağa, lazımi infrastrukturu qurmağa, Marsa və ondan kənara növbəti nəhəng sıçrayış üçün lazımi investisiyaları qoymağa sadiqdir. Bu razılaşma NASA ilə Energetika Nazirliyi arasında kosmik tədqiqat və kəşflərin qızıl dövrünü başlamaq üçün lazım olan imkanları yaratmaq məqsədilə daha sıx əməkdaşlığa imkan verəcək", - deyə NASA-nın administratoru Cared Ayzekman bildirib.
Qeyd olunub ki, NASA və Energetika Nazirliyi illərlə yanacaq doldurmadan işləyə bilən təhlükəsiz, səmərəli və bol elektrik enerjisi istehsal edən nüvə bölünməsinə əsaslanan enerji sistemi yerləşdirməyi planlaşdırır.
"Ay reaktorunun yerləşdirilməsi gələcəkdə günəş işığından və ya temperaturdan asılı olmayaraq enerji təmin edərək, davamlı Ay missiyalarına imkan verəcək", - deyə NASA-dan bildirilib.