NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanın şimalından Qara dənizə qədər uzanması nəzərdə tutulur. Sistem mümkün müdaxilələri erkən aşkarlamağa və NATO ölkələrinə qarşı hücumların ilk müdafiə xəttində dəf edilməsinə imkan verməlidir.
ABŞ ordusunun mayoru Ben Şiff bildirib ki, milyonlarla dronun eyni vaxtda idarə olunması üçün süni intellektə ehtiyac var.
NATO-nun məlumat mübadiləsi platforması müxtəlif müttəfiq ölkələrin kompüter və komanda sistemlərini birləşdirərək sensorlardan qərargahlara real vaxt rejimində məlumat ötürəcək.
Politico qeyd edir ki, NATO Avropada gələcək mümkün qarşıdurmaya hazırlıq məqsədilə Ukraynadakı döyüş təcrübəsindən də istifadə edir.