"Apple" şirkəti "iPhone" sahiblərinə haker hücumları riskinin yüksək olması ilə bağlı bildiriş göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bleeping Computer" yazıb.
Məlumata görə, dünyanın müxtəlif ölkələrində "Apple" məhsullarından istifadə edən şəxslərə haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq göndərilib. Bildirişlərin göndərilməsinə avqustun 13-dən başlanılıb.
Şirkət bildirib ki, konkret "iPhone" istifadəçilərinə qarşı yönəlmiş casus proqram hücumlarının izlərini aşkar edib. "Apple" təfərrüat açıqlamasa da, oxşar bildirişlərin 150-dən çox ölkədə smartfon istifadəçilərinə göndərildiyini qeyd edib.
Materialda potensial hədəflər arasında jurnalistlər, fəallar, siyasətçilər və diplomatların olduğu bildirilir. Onlar tarixən bu cür casus proqramlarının hədəfində olublar.
"Bleeping Computer" jurnalistləri izah ediblər ki, bu cür hücumlar konkret şəxslərə qarşı yönəldilir və genişmiqyaslı hədəf siyahısına malik olmaq üçün həddindən artıq mürəkkəb və bahalıdır. Kommersiya məqsədli casus proqram hücumları milyonlarla dollara başa gələ bilər və çox vaxt qısa müddət ərzində aktiv olur. Bu isə onların aşkarlanmasını və qarşısının alınmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
"Apple" bildirişində potensial qurbanlara smartfonlarında "Lockdown Mode" funksiyasını aktivləşdirmək tövsiyə olunur. Bu funksiya aktivləşdirildikdə "iPhone" xüsusi qorunma rejiminə keçir. Belə ki, brauzerdə bəzi skriptlər deaktiv edilir, "iMessage" messencerində mətn istisna olmaqla digər məzmunların göstərilməsi məhdudlaşdırılır, telefon isə USB vasitəsilə qoşulmuş kompüterlə əlaqəni kəsir.