ABŞ Müharibə Nazirliyinin (Pentaqon) Vaşinqtondakı binasında "təhlükəli maddələrlə" bağlı insident səbəbindən bir neçə mərtəbə və dəhliz təcrid olunub, digər hissələrdə isə təxliyə tədbirləri həyata keçirilir.
Oxu.Az bildirir ki, bu barədə CNN telekanalı üç məlumatlı mənbəyə və yerli yanğından mühafizə xidmətinə istinadən məlumat yayıb.
Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell təsdiqləyib ki, binanın daxilindəki sistemlər havanın keyfiyyəti ilə bağlı problem aşkarlayıb. Onun sözlərinə görə, problemin xarakteri və ciddiliyi müəyyənləşdirilənədək ehtiyat tədbirlərinin görülməsinə qərar verilib.
"Nazirlik standart mühafizə protokollarını icra edir. Buraya təsirlənmiş zonada yerində qalmaq əmri də daxildir. Çevik reaksiya qrupları hadisə yerindədir və binada olan insanlara dəstək göstərməyə hazırdır", - deyə Parnell bildirib.
Yanğın-xilasetmə xidməti isə məlumat verib ki, təhlükəli materiallarla iş üzrə xüsusi qrup Pentaqon ərazisində "təhlükəli maddələrlə bağlı insident" səbəbindən fəaliyyət göstərir.
İki mənbənin sözlərinə görə, ABŞ Müharibə Nazirliyinin nəhəng kompleksində dördüncü dəhlizdən yeddinci dəhlizədək olan hissədə ikinci mərtəbədən beşinci mərtəbəyədək olan sahə bloklanıb.
Üçüncü mənbə CNN-ə bildirib ki, binanın daxilində xidmət aparan polis əməkdaşları əleyhqaz və kimyəvi mühafizə geyimləri ilə təchiz olunublar.