Odessa qubernatoru Mixail Saakaşvilinin Odessaya min nəfər milli qvardiya döyüşçüsünün yeridilməsinə dair bəyanatı həqiqətəuyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Facebook səhifəsində Ukrayna DİN rəhbərinin müşaviri Zoryan Şkiryak yazıb.
“Təşviş yaratmağa son qoymaq lazımdır. Rusiyayönümlü, dövlət əleyhinə qüvvələrin təxribatları və şəhərdə sabitliyi pozmaq cəhdlərinə hüquq-mühafizəçiləri sərt və güzəştsiz reaksiya verəcəklər”, - o bəyan edib.
Arsen Avakovun müşaviri vurğulayıb ki, şəhərdə hazırda terror əleyhinə tədbirlər həyata keçirilir.
“Odessaya milli qvardiya qüvvələrinin yeridilməsinə ehtiyac yoxdur”, - Şkiryak qeyd edib, Mixail Saakaşviliyə üzərinə baş komandan vəzifələrini götürməməyi, siyasətlə deyil, regionun sakinlərinin problemləri ilə məşğul olmağı tövsiyə edib.
Aprelin 27-də Odessa qubernatoru bildirib ki, Ukrayna prezidenti Petr Poroşenko Odessaya milli qvardiyanın əlavə bölmələrinin yeridilməsinə dair göstəriş verib.
13:05
Ukrayna prezidenti Petr Poroşenko şəhərdə ictimai asayişin müdafiəsi üçün Odessaya 1000-ə yaxın hüquq-mühafizəçisinin yeridilməsinə dair göstəriş verib.
Oxu.Az “Korrespondent”ə istinadən xəbər verir ki, bu barədə Odessa qubernatoru Mixail Saakaşvili bildirib.
“Preizdent milli polis rəisinə və milli qvardiyanın rəisinə şəhərdə ictimai asayişin müdafiəsi üçün Odessaya 1000-ə yaxın hüquq-mühafizəçisinin yerləşdirilməsinə dair göstəriş verib”, - Saakaşvili Facebook səhifəsində aprelin 26-da yazıb.
O vurğulayıb ki, müəyyən təhlükə mövcuddur, bununla əlaqədar dövlət başçısına təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müraciət edib.
“Mən nahaq yerə heç vaxt, heç nə demirəm. Mən təşvişə düşən adam deyiləm. Mən çox şeydən keçmişəm və nahaq yerə hansısa təhlükənin olduğunu deməyəcəm”, - Saakaşvili bəyan edib.