Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan hədə-qorxu ilə 2 milyon 500 min dollar tələb etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İstintaq Komitəsi xəbər yayıb.
İstintaq materiallarına əsasən, Sarukyan 2008-ci ildə Livan ermənisi - G.T. adlı iş adamı ilə tanış olub və tərəflər ortaq biznes qurmaq barədə razılığa gəliblər. 2009-cu ildə onlar hər birinin 50% payı olduğu qızıl-zinət əşyalarının satışı şirkətini təsis ediblər. Şirkətin direktoru vəzifəsinə isə Sedrak Arustamyan təyin olunub.
Həmin vaxt livanlı sahibkar Sarukyana Kotayk vilayətinin Akunk kəndində içməli su zavodunun inşasını təklif edib. Razılaşmaya əsasən, zavodun binasını Sarukyan tikməli, istehsal avadanlıqlarını isə iş adamı almalı idi. Lakin bu layihə həyata keçirilməyib.
İstintaq Komitəsinin məlumatına görə, 2010-cu il avqustun 17-də Arincdəki malikanədə Qaqik və Sedrak zor tətbiq etməklə hədələyərək livanlı iş adamından şirkətlərdəki paylarını Arustamyana dövr etməsini nəzərdə tutan sənədləri imzalamağı tələb ediblər. Əlavə olaraq, istintaq qeyd edir ki, onlar əldə etdikləri səhmləri qanuniləşdirməyə cəhd göstəriblər. Bu əməl İstintaq Komitəsi tərəfindən xüsusilə külli miqdarda çirkli pulların yuyulması kimi təsnif edilib.
İyulun 6-da İstintaq Komitəsi tərəfindən Qaqik Sarukyanın evində və ona məxsus 70-dən çox obyektdə genişmiqyaslı axtarışlar aparılıb. İstintaq tədbirləri yekunlaşdıqdan sonra bütün obyektlər möhürlənib, sahibkarın özü barəsində isə iki aylıq həbs qətimkan tədbiri seçilib.
Siyasətçi xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, dələduzluğun təşkilində, 934 min dollar vəsaitin mənimsənilməsində, o cümlədən qanunsuz ov edərək dövlətə 81 min dollardan çox ziyan vurmaqda təqsirləndirilir.
Sarukyanın İrəvandakı "Ararat" şərab kombinatı, "Araratsement" zavodu və "Multi Velnes" idman kompleksi əlindən alınıb. Ümumilikdə isə prokurorluq Sarukyan və onunla əlaqəli şəxslərdən 75 daşınmaz əmlakın, 10 obyektinin bazar dəyərinin, 42 nəqliyyat vasitəsinin və 38 şirkətdəki paylarının müsadirə olunmasını tələb edir.