Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendumda iştirak edən vətəndaşların böyük əksəriyyəti əsas qanun layihəsini dəstəkləyib.
Oxu.Az xəbər verir ki, Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların 86.7%-i yeni konstitusiyanı dəstəkləyib. "Xabar" telekanalında səsləndirilən məlumata görə, sorğu şəhər və kəndlərdə yerləşən 200 seçki məntəqəsini əhatə edib və ümumilikdə 30 min respondent iştirak edib.
"Astana Sosial Tədqiqatlar Kompleks İnstitutu - Sosial Araşdırmalar Fondu"nun keçirdiyi "exit-poll"un nəticələrinə görə isə referendum iştirakçılarının 87.4%-i yeni konstitusiyanı dəstəkləyib. Sorğu 200 seçki məntəqəsində aparılıb, seçici fəallığı 73.8% təşkil edib. Statistik xəta payı isə ±1.5% olaraq göstərilib.
"Amanat" partiyasının İctimai Siyasət İnstitutunun təqdim etdiyi "exit-poll" nəticələrinə əsasən isə referendumda səs verənlərin 88.6%-i yeni konstitusiyanı dəstəkləyib. Bu sorğu da 200 seçki məntəqəsində keçirilib və 24 min nəfər respondent iştirak edib.
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumda səsvermə üçün açılmış məntəqələr yerli vaxtla saat 20:00-da bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ölkə daxilində seçki məntəqələrinin böyük hissəsi saat 07:00-da fəaliyyətə başlayıb. Bəzi məntəqələr, o cümlədən hərbi hissələrdə yerləşənlər isə saat 06:00-dan etibarən açılıb.
Bununla yanaşı, xaricdə fəaliyyət göstərən bəzi məntəqələr hələ də işləməkdə davam edir. Onlardan sonuncusu ABŞ-nin San-Fransisko şəhərində yerləşir və martın 16-sı səhərədək açıq olacaq.
Mərkəzi Referendum Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18:00-a olan vəziyyətə əsasən seçici fəallığı 70,98% təşkil edib. Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50%-dən çoxu iştirak edib.
Yeni konstitusiya layihəsi fevralın 12-də dərc olunub. Sənəddə əsas yeniliklər arasında ölkədə birpalatalı parlamentə - Kurultaya keçid, vitse-prezident vəzifəsinin təsis edilməsi və ali məsləhətçi orqan kimi Xalq Şurasının yaradılması nəzərdə tutulur.
Bundan başqa, layihədə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü nəzərdə tutan yeni normalar da əksini tapıb.
Referendumda vətəndaşlar sənədi dəstəkləyəcəyi halda yeni konstitusiyanın iyulun 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Qazaxıstanda yeni konstitusiyanın qəbulu məsələsinə dair referendumda səsvermə başlayıb.
Oxu.Az bu barədə Tengrinews.kz-yə istinadən xəbər verir.
Səsvermə bülletenində cəmi bir sual var: vətəndaşlar 12 fevral 2026-cı ildə dərc edilmiş yeni konstitusiyanı qəbul edirmi? Yalnız bütün sənədi bütövlükdə dəstəkləmək və ya onu rədd etmək üçün səs vermək olar.
Seçicilərin 50 faizdən çoxu səs verərsə, referendum baş tutmuş sayılacaq. Nəticələr səsvermədən sonra yeddi gündən gec olmayaraq elan edilməlidir.
Yeni konstitusiya layihəsi mətnin təxminən 40%-ni dəyişir, bunun da təxminən 70%-i hakimiyyət qolları arasında münasibətlərin arxitekturasına dair maddələrə aiddir. Ümumilikdə maddələrin sayı 99-dan 95-ə enir.
Əsas fərqlər birbaşa dövlətin idarə edilməsi ilə bağlı maddələrdədir. Qazaxıstanda ikipalatalı parlamentin əvəzinə birpalatalı Qurultay təsis edilir, onun 145 deputatı partiya siyahıları üzrə beş il müddətinə seçilməlidir. Ölkədə mövcud olan qarışıq seçki sistemi ləğv edilir.
Yeni məşvərət orqanının - Xalq Şurasının yaradılması da təklif olunur. Bu orqan ildə ən azı bir dəfə toplanacaq və qanunvericilik təşəbbüsü hüququna malik olacaq.