ABŞ-nin Federal Prokurorluğu Harvard Universitetinin keçmiş əməkdaşı, rusiyalı tədqiqatçı Kseniya Petrovaya qarşı cinayət təqibini dayandırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
O, pəncəli qurbağa rüşeymlərini ölkəyə qeyri-qanuni yolla gətirməkdə təqsirləndirilirdi. İşə yenidən baxılmasına səbəb müdafiə tərəfinin Donald Tramp Administrasiyasının K.Petrovanı siyasi motivlərlə təqib etməsi ilə bağlı irəli sürdüyü arqumentlər olub.
Federal hakimin vəkillərə rusiyalı alimin qisas məqsədilə təqib edildiyini təsdiqləyə biləcək sübutları əldə etməyə icazə verməsindən sonra Boston prokurorları vəsatət qaldırıblar.
K.Petrova iddia edirdi ki, ABŞ hökuməti onun işini digər analoji hallardan fərqləndirərək məhz siyasi səbəblərdən ittiham irəli sürüb. Məhkəmənin müdafiə tərəfinə müvafiq materiallara çıxış imkanı verməsi qərarı da prosesin gedişatına təsir göstərib.
Məlumata görə, hazırda prokurorluq cinayət işinin xitam olunmasını tələb edir.
ABŞ sərhədçiləri rusiyalı qadını 2025-ci ildə Boston hava limanında saxlamışdılar. Yoxlama zamanı onun baqajından pəncəli qurbağa rüşeymləri olan qutu tapılmışdı. İttiham aktına əsasən, K.Petrova dindirmə zamanı ABŞ-yə daxil olarkən bioloji materialın bəyan edilib-edilməməli olduğunu dəqiq bilmədiyini bildirmişdi.
2025-ci ilin iyun ayında tədqiqatçı həbsdən azad edilib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, əvvəllər Rusiya Elmlər Akademiyasının Gen Biologiyası İnstitutunda çalışıb, həmçinin akademik N.P.Boçkov adına Tibbi-Genetik Elmi Mərkəzdə bioinformatika üzrə vəzifə tutub.