İtaliyanın paytaxtı Romada anomal istidən qorunmaq istəyən sakinlər və turistlər sərin yeraltı məkanlara üz tuturlar.
Oxu.Az "The Independent"ə istinadən xəbər verir ki, istidən qorunmaq üçün ən çox seçilən məkanlardan biri Neronun Qızıl Evidir.
Nəhəng sarayın qismən qazılmış xarabalıqları tamamilə yerin altında yerləşir. Burada tarixi məkanlara ekskursiyalar təşkil olunur. Ziyarətçilər bir-biri ilə əlaqəli otaqlardan ibarət labirintdə gəzə bilirlər. Otaqların bir çoxunda freskaların, mərmərin və mozaikaların fraqmentləri qorunub saxlanılıb.
Nəşrin məlumatına görə, insanlar San-Klemente bazilikasının altındakı arxeoloji qazıntı sahələrinə də üz tuturlar. Burada IV əsrə aid paleoxristian kilsəsi və Şərq tanrısı Mitraya həsr olunmuş mağara məbədi yerləşir.
Bundan başqa, italyanlara və turistlərə istidən qorunmaq üçün Palatsoo Valentininin yeddi metr altında yerləşən Roma evinə, Appian yolu üzərindəki katakombalara və Müqəddəs Pyotr bazilikasının əsas zalının altındakı Vatikan mağaralarına getmək tövsiyə olunub.
Qeyd edək ki, iyulun 30-da İtaliyanın 11 şəhərində, o cümlədən Romada, anomal istilər səbəbindən ən yüksək - qırmızı hava təhlükəsi səviyyəsi elan edilib.
İstilik problemi, xüsusilə, Peruca, Florensiya və Turində də müşahidə olunub. Bununla əlaqədar meteoroloqlar vətəndaşlardan, xüsusilə uşaqların və yaşlıların ehtiyat tədbirlərinə əməl etmələrini, imkan daxilində evdə qalmalarını, daha çox su içmələrini və fiziki fəaliyyəti məhdudlaşdırmalarını xahiş ediblər.