Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməli olduğuna dair qərar verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Euractiv.com" portalı məlumat verib.
Məlumata görə, buna səbəb 2008-ci ildə Tbilisi ilə müharibədən sonra Moskvanın müstəqil kimi tanıdığı Abxaziya və Cənubi Osetiya bölgələrinə sərbəst giriş edilməsinə yaratdığı maneələr olub.
Məhkəmənin bəyanatına görə, Rusiya pozuntulara yol verib ki, bunların sırasına artıq güc tətbiqi, amansız rəftar, qeyri-qanuni saxlanılma və Gürcüstanın nəzarətində olan ərazi ilə Rusiyanın dəstəklədiyi separatçı Gürcüstan bölgələri arasındakı inzibati sərhəd xətti ilə gündəlik hərəkətə qanunsuz məhdudiyyətlər də daxildir.
Qeyd edilir ki, Cənubi Osetiya və Abxaziya Gürcüstan dövlətinin nəzarətindən kənarda və Rusiyanın təsiri altındadır.
Avropa Məhkəməsi 29 mindən çox qurbana vurulan zərər səbəbindən Moskvanın üzərinə 253 milyon avrodan bir qədər çox təzminat ödənilməsi öhdəliyini qoyub.
Xatırladaq ki, RF 2022-ci ildə Ukrayna ərazilərini işğal etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsindən çıxıb, lakin məhkəmə buna qədər yol verilmiş istənilən qanun pozuntularına görə Moskvanın məsuliyyət daşımağa davam etdiyini nəzərə çatdırıb.