Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin və hadisəni törədən sürücünün kimliyi məlum olub.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1992-ci il təvəllüdlü Nicat Eyvaz oğlu Məlikov idarə etdiyi "Honda" markalı 10-XY-483 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.
"Xəsarət alan piyada Sevil Elçin qızı Abbasova təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 14-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı (qadın) şəxsə ilkin tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Təbriz küçəsində "Metropark" Ticarət Mərkəzinin qarşısında baş verib.
"Honda" markalı avtomobil yolu keçən piyadanı vurulub. Qadının ağır xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova