Rusiya prezidenti Vladimir Putin Rusiya tərəfindən Ukraynanın cənubi-şərq regionunun anneksiya edilməsi palnının mövcudluğunu təkzib edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısı Fransa telekanalı TF1-ə verdiyi müsahibəsində bildirib.
“Xeyr, biz bununla məşğul olmamışıq və olmuruq da. Bugünkü Ukrayna hakimiyyəti öz əhalisi ilə silahla, tankla, təyyarə ilə yox, danışıqlar yolu ilə dialoqu tənzimləməyi öyrənməlidir”, - prezident bəyan edib.
Putin bəyan edib ki, Ukraynanın cənubi-şərqində Rusiya hərbi mütəxəssisləri və ordu dəstələri yoxdur. O, Ukrayna böhranının “soyuq müharibə” üçün yeni təkan olmayacağına və sülh yolu ilə həll ediləcəyinə ümid edir.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Ukraynanın cənubi-şərq regionunun əhalisinə öz haqlarını qorumaq imkanı verilməlidir.