Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada məktəbdə daha bir silahlı insident: Şagird yaralandı
Rusiyada məktəblinin atəş açması ilə bağlı daha bir insident yaşanıb. Nəticədə bir uşaq xəsarət alıb.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, hadisə Yamalda qeydə alınıb.
Bildirilib ki, tənəffüs zamanı şagird sinif yoldaşları ilə tualetə gedib və orada şagirdlərdən birinin ayağına atəş açıb.
Zərərçəkənə yerində yardım göstərilib, yaralanma ciddi olmayıb.
Qeyd olunub ki, yeniyetmənin pnevmatik tapançanı məktəbə keçirə bilməsinə səbəb metal detektorların plastik korpusa reaksiya verməməsi olub.
Atəş açan şagirdlə polis söhbət aparıb. Məlum olub ki, yeniyetmə artıq profilaktik qeydiyyatda imiş.
Hadisə ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, bu, Rusiyada ilk belə silahlı insident deyil. Sentyabr ayında Çelyabinskdə 13 yaşlı məktəbli sinif yoldaşlarına tapança, bıçaq və çəkiclə hücum edib. Nəticədə biologiya müəlliməsi də daxil olmaqla dörd nəfər xəsarət alıb. Məktəblinin özü psixiatriya xəstəxanasına yerləşdirilib. Bu hadisədən bir həftə sonra İrkutskda eyni yaşlarda olan daha bir məktəbli çəkic və bıçaqla sinif yoldaşlarına hücum edib. Həmin hadisə zamanı isə üç şagird yaralanıb.
Rəylər