Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada partlayış törədən şəxs Türkiyədə qayıq alacaqmış: Hansı ölkəyə qaçmaq istəyirdi?
Rusiyanın paytaxtı Moskvada avtomobildə partlayış törədən və qaçdığı Türkiyədə saxlanılan Yevgeni Serebryakov haqqında yeni faktlar ortaya çıxıb.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən bildirir.
Məlum olub ki, o, Türkiyədə qayıq alaraq qonşu Yunanıstana qaçmağı planlaşdırırmış.
Yevgeni Serebryakov aqreqator tətbiqi vasitəsilə Bodrum hava limanında avtomobil bron edib və bu da Türkiyə polisinin onun yerini aşkar etməsinə şərait yaradıb. Hava limanının kameralarından onun icarəyə götürdüyü avtomobillə getdiyi aşkarlanıb. Polis 50 km-lik marşrut boyunca addım-addım onun hərəkətini izləyib. Türkiyənin ixtisaslaşmış şəhər təhlükəsizliyi idarəetmə sistemi bu işdə onlara kömək edib.
Türkiyə xüsusi xidmət orqanları partlayış törədənin saxlanılacağı yeri və vaxtı dəqiqliklə planlaşdırıblar.
Səlahiyyətlilər, həmçinin onun insan oğurluğu ilə məşğul olan dəstələrlə də əlaqələrinin olduğunu müəyyən ediblər və hazırda bu məlumat yoxlanılır.
Xatırladaq ki, ötən gün Yevgeni Serebryakov Moskvada bomba quraşdırılmış avtomobillə terror aktı törədərək iki nəfəri yaralayıb. Hücumdan sonra o, Moskva-Bodrum reysi ilə Türkiyəyə uçub.
Rəylər