Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.
Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili yenidən öncəki planına qayıdıb və sərhədi avtomobil sərhəd-keçid məntəqəsindən keçməyə qərar verib. M. Saakaşvilinin tərəfdarları onu “Krakoveç” sərhəd-keçid məntəqəsində qarşılamaq üçün Mostiska yaşayış məntəqəsinə toplaşıblar. M. Saakaşvili keçirdiyi mətbuat konfransında deyib ki, qanuni yolla Ukrayna ərazisinə daxil olmağa çalışacaq: “Bunun üçün mənə ukraynalı sərhədçilərlə əlaqə yaratmaq lazımdır. Dəmir yol vağzalında bunu etmək mümkün olmadı”.
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko da M. Saakaşvili ilə birlikdədir. Y. Timoşenko deyib ki, M. Saakaşvilini qanunsuz Ukrayna vətəndaşlığından məhrum edildiyi üçün onunla birlikdədir: “Biz buradja həm də Ukraynamnı kriminal diktaturadan qoruyuruq”.
Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.
15:56
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə əlaqədar Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.
Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.
A.M.