Tacikistan Prezidenti Emoməli Rəhmon ölkədə idxaldan asılılığın azaldılması və hər bir ailənin ən azı iki illik ərzaq ehtiyatı yaratmasının vacibliyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə vm.ru Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Emoməli Rəhmon hökumətin iclasında bildirib ki, dünyada müşahidə olunan qeyri-sabit iqtisadi və siyasi vəziyyət fonunda ölkə qarşısında makroiqtisadi sabitliyin qorunması, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və daxili resurslardan maksimum səmərəli istifadə kimi mühüm vəzifələr dayanır.
Prezident qeyd olunan məqsədlərə nail olmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsul yığımının vaxtında həyata keçirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.
Mətbuat xidmətinin məlumatına görə, Emoməli Rəhmon hökumətə məhsulun vaxtında və itkisiz yığılması, əkin sahələrinin genişləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkin sahələrindən ildə iki-üç dəfə məhsul götürülməsi, kənd təsərrüfatı istehsalının artırılması və ölkədə hər bir ailə üçün ən azı iki illik ərzaq ehtiyatının formalaşdırılması istiqamətində görülən işləri davam etdirməyi tapşırıb.
Prezident, həmçinin əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, Emoməli Rəhmon ilin sonunadək ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım tempinin ən azı 8% səviyyəsində saxlanılması vəzifəsini də qarşıya qoyub.