ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatının Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya verilməsinə münasibət bildirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ prezidenti bildirib ki, Mariya Maçado artıq ona zəng edib və mükafatı onun şərəfinə qəbul etdiyini bildirib.
"O mənə zəng edib dedi ki, "bunu sizin şərəfinizə qəbul edirəm, çünki siz, həqiqətən də, buna layiqsiniz". Bu, çox gözəl davranışdır. Mən xoşbəxtəm, çünki milyonlarla insanın həyatını xilas etmişəm", - deyə Tramp qeyd edib.
O, həmçinin əlavə edib ki, əgər xahiş etsə idi, Maçado mükafatı ona verməyə hazır idi.
"Mən ona demədim ki, mənə ver. Düşünürəm ki, o bunu mənə verə də bilərdi, o, çox mehriban idi. Mən ona hər zaman kömək etmişəm, onların orada Venesuelada köməyə çox ehtiyacları var", - deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, Mariya Korina Maçado öz "X" hesabında etdiyi paylaşımda bildirib ki, onun azadlıq və demokratiya uğrunda mübarizəsi Tramp və digər əsas müttəfiqlərindən asılıdır.
"Mən bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə Prezident Trampa həsr edirəm!" - deyə o, paylaşımda yazıb.
Xatırladaq ki, Nobel Sülh mükafatı Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya təqdim edilib.
