Türkiyənin Xarici İşlər Nazirliyi avqustun 31-də Məkkə Birgə Müdafiə Razılaşması çərçivəsində yaradılmış Siyasi və Müdafiə Məsələləri üzrə Strateji Komitənin birgə bəyanatını yayıb.
Oxu.Az xəbər verir ki, bəyanat Türkiyə XİN-in rəsmi saytında dərc olunub.
Üç ölkə regionlarda davamlı sülh və sabitliyin təmin olunması məqsədilə Məkkə Razılaşması çərçivəsində əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, üç ölkə kollektiv çəkindirmə və müdafiənin etibarlılığını və effektivliyini artırmaq, həmçinin regional sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə Məkkə Razılaşması çərçivəsində əməkdaşlığın daha da institusional şəkildə inkişaf etdirilməsi barədə razılığa gəlib.
Razılaşma çərçivəsində görüləcək işlərin əlaqələndirilməsi üçün Səudiyyə Ərəbistanında baş katibin rəhbərliyi altında Katiblik yaradılacaq. İlk baş katib Pakistan İslam Respublikasından olacaq və üç il müddətində vəzifəsini icra edəcək.
Ölkələr birgə tədbirlər vasitəsilə müdafiə sənayesi sahəsində əməkdaşlığı, texnologiyaların birgə hazırlanmasını və birgə istehsalı inkişaf etdirərək silahlı qüvvələrin müdafiə imkanlarını və fəaliyyətlərinin uzlaşdırılmasını gücləndirməyi planlaşdırırlar.
Bəyanatda vurğulanıb ki, üç ölkə Məkkə Razılaşmasını ardıcıl və qətiyyətlə həyata keçirərək regional sülh və sabitliyə lazımi töhfəni verəcək.
Məkkə Birgə Müdafiə Razılaşması çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbul şəhərində işə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçiriləcək fəaliyyətlərə strateji istiqamət vermək məqsədilə təşkil edilən tədbirdə Türkiyə, Pakistan, eləcə də Səudiyyə Ərəbistanının xarici işlər, müdafiə nazirləri və baş qərargah rəisləri iştirak edirlər.
Tədbir birgə ailə fotosu çəkildikdən sonra işinə başlayıb. İclasın gündəliyinə beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, həmçinin müdafiə imkanlarının inkişaf etdirilməsi daxildir. Bu çərçivədə, üç ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyət imkanlarının artırılması, müdafiə sənayesi sahəsində ortaq istehsal və tədqiqat-inkişaf işləri daxil olmaqla əməkdaşlığın dərinləşdirilməsi və terrorizmə qarşı mübarizədə birgə səylərin gücləndirilməsi kimi mövzuların nəzərdən keçirilməsi planlaşdırılır.
Bundan əlavə, tədbirdə Strateji Siyasi və Müdafiə Komitəsinin müəyyən edəcəyi ortaq fəaliyyət sahələrindəki işləri tənzimləyəcək Katibliyin və digər müvafiq mexanizmlərin çərçivəsinin formalaşdırılması, eləcə də gələcək dövrdə atılacaq addımlara dair yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Görüşün Məkkə Birgə Müdafiə Razılaşmasının bölgədə təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edən, problemlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik prizmasından yanaşan və münaqişə əvəzinə əmin-amanlıq və rifahı üstün tutan bütün ölkələrə mühüm imkanlar yaratdığını bir daha vurğulamağa şərait yaradacağı gözlənilir.