Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə Rusiyadan S-400-lərin alınmasından imtina edə bilər
Türkiyənin müdafiə sənayesi şirkəti “Aselsan”ın baş direktoru Haluk Görgün hesab edir ki, ölkənin Rusiyanın S-300 və ya S-400 sistemlərinə ehtiyacı yoxdur. Belə ki, artıq Türkiyədə bu sistemlərin yerli analoqları fəal şəkildə istehsal edilir.
“Biz hava hücumundan müdafiə sistemləri istehsal edirik. S-300 və ya S-400-lərə ehtiyacımız yoxdur. Biz bu ehtiyacı aradan qaldırırıq. Bu, bizim missiyamızdır”, - deyə o bəyan edib.
Görgün “Aselsan”, “Roketsan” və SAGE (Müdafiə Sənayesi Araşdırmaları və İnkişafı İnstitutu) tərəfindən hazırlanmış “Siper” hava hücumundan müdafiə sisteminə diqqət çəkib.
“Bu, təkcə raket buraxılış sistemi deyil, həm də rabitə stansiyası və daimi işləyən radar, eləcə də atəşə nəzarət mərkəzidir. Burada dost-düşməni tanıma sistemi tətbiq edilib. Bu, uzaqmənzilli hava hücumundan müdafiə sistemidir. Sınaqlar zamanı 100 km məsafədəki hədəfləri uğurla vurub”, - deyə şirkət rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” sistemlərin tədarükü ilə bağlı müqavilənin tamamlandığını bildirib.
Mənbə: Milliyet
Rəylər