Türkiyənin Adana şəhər Valiliyinin binası qarşısında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Adana valisi Mahmut Demirtaş bildirib.
Onun sözlərinə görə, ölən iki nəfər dövlət məmurudur.
Adana valisi deyib ki, partlayış Türkiyə vaxtı ilə saat 08.05-də törədilib: “Partlayışı bir qadının törətdiyi ehtimal edilir”.
Adana Böyük Şəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlü “CNNTürk” televiziyasına açıqlamasında bildirib ki, bomba yüklənmiş avtomobil valiliyin binasına girişə ən yaxın yerdə partladılıb: “İki nəfər şəhid olub, 21 nəfər isə yaralanıb. Ölənlərin sayı arta bilər”.
09:59
Türkiyənin Adana vilayətində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə APA DHA-ya istinadən məlumat verir.
Məlumata əsasən, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.
N.О.