Ukraynanın "Censor.net" nəşrinin baş redaktoru Yuri Butusov iyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçi qətlə yetirən və iyulun 13-də zərərsizləşdirilən qatillərlə bağlı yeni təfərrüat açıqlayıb.
Oxu.Az xəbər verir ki, Butusov "Facebook" səhifəsində qeyd edib ki, zərərsizləşdirilmiş agentlərin qətldə iştirakı ilə bağlı sübutlar son dərəcə inandırıcıdır, çünki "ruslar onlardan birdəfəlik istifadə edirdilər" və onlar həqiqətən də isti izlərlə tapılıblar.
Onun sözlərinə görə, qatilin adı Xəqani Güləlizadə, şəriki Nərmin Quliyeva olub, hər ikisinin Azərbaycan pasportu olub, əslində isə Rusiyadakı cinayətkar qruplarla sıx əlaqələri aşkarlanıb.
"Quliyeva mayın 15-də Moldovadan Mayaki-Udobnoye keçid məntəqəsi vasitəsilə Ukraynaya keçib. Xəqani 2025-ci il fevralın 27-də həmin Mayaki-Udobnoye keçid məntəqəsindən dövlət sərhəddini keçməyə bacarıb. Yəni qatilin Ukraynada qeyri-qanuni hərəkət etdiyi üzə çıxıb", - deyə jurnalist bildirib.
Jurnalist onu da vurğulayıb ki, polkovnik Voroniç qeydiyyatda olduğu və "bütün məlumat bazalarında" qeyd olunan mənzildə yaşayırdı, ona görə də Rusiya agentləri qısa müddətdə onun izinə düşərək onu öldürə biliblər.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin göstərişi ilə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlini törədən Rusiya xüsusi xidmət orqanlarının agentləri zərərsizləşdiriliblər.
Oxu.Az UNIAN agentliyinə istinadla xəbər verir ki, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat zamanı öldürülüblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Voroniçin qətlində əli olan şəxslər başqa ölkənin vətəndaşları olublar.
Qeyd edilir ki, cinayətdə iştirak edən şəxslərin kimliyi müəyyən edilib, onların başqa ölkənin vətəndaşları olan kişi və qadın olduğu üzə çıxıb.
Xatırladaq ki, polkovnik İvan Voroniç iyulun 10-da Kiyevdə öldürülüb.
Qeyd edək ki, Ukraynanın "Strana.ua" nəşri daha əvvəl polkovnikin qətlində şübhəli bilinən şəxslərin axtarışda olduğunu əks etdirən lövhəni nümayiş etdirmişdi. Orada yazılıb ki, hüquq-mühafizə orqanları 1991-ci il təvəllüdlü Nərmin Quliyeva adlı qadını və onun şərikini axtarır.