Venesuelada baş verən dağıdıcı zəlzələ böyük ehtimalla ölkənin neft infrastrukturuna ziyan vurmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik bu qənaətə ona görə gəlib ki, dağıntıların qeydə alındığı Venesuela şəhərlərinin, demək olar ki, heç birində mühüm neft sənayesi obyektləri mövcud deyil. Yaxınlığında iri neft yatağı yerləşən Marakaybo şəhərinin rəhbərliyi yeraltı təkanlar nəticəsində zərərçəkənlərin olmadığını bildirib.
Mənbələrdən biri agentliyə bildirib ki, zəlzələdən sonra elektrik enerjisinin uzun müddət olmaması neft hasilatına mənfi təsir göstərə bilər.
Venesuelanın daxili işlər naziri Diosdado Kabelyo isə təbii fəlakətdən sonra təhlükəsizlik məqsədilə qazın verilməsinin müvəqqəti dayandırıldığını bəyan edib.
"Zədələnmiş infrastrukturlarımız var və qazla bağlı hər hansı bir qəzanın baş verməsini istəmirik", - deyə nazir bildirib. Bununla əlaqədar olaraq nazir vəziyyətin qiymətləndirilməsi başa çatana qədər qazın verilməsinin müvəqqəti kəsildiyini diqqətə çatdırıb.