Amerika Birləşmiş Ştatları Yaxın Şərq regionunda hərbi mövcudluğunu gücləndirir, əraziyə əlavə qoşunlar və silah göndərərək İrana qarşı əməliyyatın mümkün genişləndirilməsinə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu məlumatı "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən yayıb.
Bildirilir ki, son bir həftə ərzində ABŞ hərbi bazalarından Yaxın Şərq istiqamətinə xüsusi təyinatlı dəstələr dislokasiya ediliblər. Bununla yanaşı, Almaniyada yerləşən və Yaxın Şərqdəki qarşıdurmalarda xəsarət alan ABŞ əsgərlərinin təxliyə edildiyi əsas məntəqə olan Landştul tibb müəssisəsinə 150-dən artıq tibb işçisi cəlb olunub. Nəşrin mənbəsinin sözlərinə görə, qırıcı aviasiya qrupları bölgədəki hərbi aerodromlarda mövqe tutub, Birləşmiş Ştatlar və Böyük Britaniya ərazisindəki hərbi bazalarda yerləşən bombardmançı təyyarələr isə tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər:
"Bütün bunlar onu göstərir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları genişləndirmək imkanını nəzərdən keçirir. İslam Respublikası ola biləcək irimiqyaslı hərbi toqquşma Birləşmiş Ştatlar üçün sursat ehtiyatlarının azalması və qlobal neft bazarlarında gözlənilməz böhranların yaranması kimi risklər daşıyır".
Qeyd edək ki, "The Wall Street Journal" iyul ayının ortalarında da Trampın aparıcı məsləhətçiləri ilə apardığı müzakirələrin ardınca İrana qarşı hərbi müdaxiləni genişləndirmək tərəfdarı olduğunu yazmışdı. Nəşrin əldə etdiyi məlumatlara görə, rəsmi Vaşinqtonun dəyərləndirdiyi alternativlər sırasına İran ərazilərinə hava hücumlarının artırılması, Hörmüz boğazındakı adaların nəzarətə götürülməsi məqsədilə quru qüvvələrinin yeridilməsi və ölkənin enerji infrastrukturlarının vurulması kimi planlar daxildir.