Yaponiyanın paytaxtı Tokio yaxınlığında - Tiba prefekturasının İtikava şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 20-yə yaxın insan xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NTV News" telekanalı məlumat yayıb.
Hadisə ilə bağlı fövqəladə hallar xidmətinə siqnal avqustun 1-də yerli vaxtla saat 06:30-da (Bakı vaxtı ilə saat 01:30) daxil olub.
İlkin məlumatlara əsasən, partlayış binanın birinci mərtəbəsində qeydə alınıb. Yaxınlıqdakı evlərin şüşələri qırılsa da, yanğın baş verməyib. Zərərçəkənlərdən iki nəfər xəstəxanaya yerləşdirilib: onlardan biri yanıq xəsarətləri, digəri isə yüngül zədələr alıb.
Hazırda hadisə yerində xilasedicilər və polis əməkdaşları fəaliyyətlərini davam etdirirlər. Mütəxəssislər partlayışa səbəb ola biləcək qaz sızmasının baş verib-vermədiyini araşdırırlar.