MDW (Möbelprogramm Deutsche Werkstätten) seriyasından yığma divar mebelinin işlənib hazırlanması ilə tanınan alman mebel dizayneri Rudolf Horn Halle şəhərində 96 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Saksoniya-Anhalt federal əyalətinin İncəsənət Fondu məlumat yayıb.
Məlumatda deyilir: "Almaniyanın ən nüfuzlu dizaynerlərindən və daxili interyer tərtibatçılarından biri ilə böyük kədərlə və dərin minnətdarlıq hissi ilə vidalaşırıq. Rudolf Horn 2025-ci il oktyabrın 19-da 96 yaşında dünyasını dəyişib".
Horn MDW seriyasından yığma divar mebelinin yaradıcısı kimi məşhurlaşmışdı. O, sözügedən mebeli "Deutsche Werkstätten Hellerau" şirkəti üçün hazırlamışdı. Şirkətin bu mebeli 1967-1991-ci illərdə xüsusən də sovet blokuna daxil olan ölkələrdə çox populyar idi. Almaniya KİV-ləri MDW-ni sosialist blokunun IKEA-sı, Hornu isə Almaniya Demokratik Respublikasının "dizayn pontifiki" adlandırırdı.