"Ukrayna Rusiyanın müharibə üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirəcək".
Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, eyni zamanda Kiyev Moskvanı danışıqlar masasına oturtmağa çalışaraq, enerji infrastrukturuna hücumları gücləndirir:
"Mən kəşfiyyat xidmətlərimizə və silahlı qüvvələrimizə Rusiyanın öz hərbi əməliyyatlarını genişləndirmək üçün istifadə etdiyi obyektlərə qarşı preventiv (qabaqlayıcı) tədbirlər görmələrini tapşırmışam".
"Reuters" xatırladıb ki, iyunun 24-də Ukrayna dronları Rusiyanın işğal etdiyi Krımda ən böyük şəhəri elektrik enerjisiz qoyub, Rusiyanın mərkəzi və cənubundakı obyektlərə zərbələr endirib, həmçinin neft emalı zavodlarına və enerji obyektlərinə endirilən zərbələr nəticəsində yanacaq böhranı dərinləşib.
Sənaye mənbələrinin bildirdiyinə görə, Moskva Neft Emalı Zavodu Ukraynanın PUA (Pilotsuz Uçuş Aparatı - dron) zərbələrindən ciddi zərər gördükdən sonra altı ay işləməyəcək və bu səbəbdən də Rusiyanın yanacaq çatışmazlığını aradan qaldırmaq səyləri çətinləşir.
"Çərşənbə günü (iyunun 24-də) açıqlanan rəsmi məlumatlara görə, may ayında Rusiyada neft məhsulları və koks istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13.5% azalıb və bu da əvvəlki dövrlərlə müqayisədə azalma tempini sürətləndirib. Böyüklüyünə görə dünyada üçüncü neft istehsalçısı olan Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı işğal başlayandan bəri neft hasilatı və ixracı ilə bağlı məlumatların böyük hissəsini dərc etməyi dayandırıb", - deyə yazıda qeyd edilib.