Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Samir Şərifov: Qan çıxmayan yerdə problemlər yaratmağa çalışırlar - VİDEO
Bəzi qüvvələr qan çıxmayan yerdə bəzi problemlər yaratmağa çalışırlar.
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Real TV”-yə müsahibəsində manatın məzənnəsi ilə bağlı səsləndirdiyi fikrin manatın devalvasiyası kimi yozulmasına münasibət bildirərkən söyləyib.
S.Şərifov dediyi hər bir sözün altına imza atmağa hazır olduğunu vurğulayıb:
“Mən qeyd etmişdim ki, manatın kəskin möhkəmlənməsi iqtisadiyyatımız, ilk növbədə milli istehsal üçün faydalı deyil. Eyni zamanda ixracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bununla bağlı mübahisə etmək istəyir, mən hazıram.
Əslində büdcə qaydası prizmasından bu məsələyə toxunmuşdum. Çünki biz büdcə qaydası ilə hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin, daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdiririk.
Bu, bizə nəyə görə lazımdır? Çünki neft daxilolmaları yüksək olduğu zamanlar istər-istəməz təzyiqlər arta bilər ki, biz bu vəsaitdən daha çox xərcləyək. Valyuta şəklindəki daxilolmalardan daxili bazara daha çox təklif edilirsə, yəni təklif tələbatı üstələyə bilər, bu zaman manatın məzənnəsinin möhkəmlənməsi üçün şərait yaranır.
Yəni, təklif var, alan yoxdur. Bu halda təklif edilən malın qiyməti enməyə başlayır. Bu, bazar qaydalarıdır. Bu zaman təklif edilən neft dollarlarıdır. Xarici valyuta da ucuzlaşmağa başlayır və müvafiq olaraq manat möhkəmlənməyə başlayır. Manatın möhkəmlənməsinin də milli iqtisadiyyatımıza mənfi təsir göstərdiyi mübahisə doğurmur.
Şübhəsiz ki, həmin təsirin qarşısının alınması üçün monitar orqanlarımız, ilk növbədə Mərkəzi Bank artıq olan həmin valyutanı bazardan almaq qərarına gəlir.
Bununla da manatın əlavə möhkəmlənməsinə imkan vermir. 2018-ci ilin 10 ayına baxsaq, Mərkəzi Bankın valyuta ehtiyatlarının 300 milyon dollar artdığını görəcəyik. Bu da manatın möhkəmlənməsinə təzyiqlərin olduğunu göstəricisidir. Bu təzyiqləri də Mərkəzi Bank artıq valyutanı bazardan almaqla sovuşdurub. Vəziyyət budur. Mərkəzi Bank bunu etməsəydi, manat daha çox möhkəmlənəcəkdi, və mən dediyim proseslər baş verəcəkdi. İndi bunu başqa cür adamlar başqa cür yozurlarsa, bu, bir az başqa məsələdir”.
Maliyyə naziri bu gün manatın möhkəmlənməsinə imkan verilmədiyi üçün belə bir prosesin olmadığını vurğulayıb:
“Daha çox valyuta təklif edildiyi halda, Mərkəzi Bank bazardan daha çox valyuta almaq məcburiyyətində qalacaq. Bu, nəyə gətirib çıxarır?
Mərkəzi Bank dolları almaqla bazara daha çox manat emissiyasını həyata keçirir. Nəticədə iqtisadiyyatda pul kütləsi artır. Pul kütləsinin iqtisadiyyatda nəzarətsiz artması isə inflyasiya təzyiqlərinə gətirib çıxarır. Hər iki hal bizim üçün sərfəli deyil.
Ona görə də büdcə xərcləri müəyyən çərçivədə olmalıdır ki, həmin xərclərin maliyyələşdirilməsi üçün daxili bazara həddindən artıq xarici valyutanı təklif etməyək. Çünki bu zaman biz Mərkəzi Bankın həyata keçirdiyi monitar siyasətə dəstək veririk. Yaxud, əksinə, biz daha çox valyutanı təklif etdikdə Mərkəzi Bank tərəfindən daha riskli monitar siyasətin aparılmasına faktiki şərait yaradır”.
Oxu.Az yeniləndi!