2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23 538 qorunan əmanətçisinə 549,8 milyon manata yaxın kompensasiya ödənilib.
Oxu.Az-ın Əmanətlərin Sığortalanması Fondundan əldə etdiyi məlumata əsasən, həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 82,1 faizini təşkil edir.
Belə ki, “Atabank” ASC üzrə 9 min 499 əmanətçi 219 milyon 808 min 965 manat , “Amrah Bank” ASC üzrə 5 min 657 əmanətçi 133 milyon 799 min 688 manat, “AGBank” ASC üzrə 4 min 345 əmanətçi 81 milyon 423 min 397 manat, “NBC Bank” ASC üzrə isə 4 min 37 əmanətçi 114 milyon 723 min 332 manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Nigar Məmmədova