Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıya gələrkən qəzaya düşən məktəblilərin hər birinə TƏZMİNAT ödənəcək
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərin hər biri beş min manat məbləğində sığorta haqqı ala bilər.
Bunu “Report”a İcbari Sığorta Bürosundan (İSB) bildiriblər.
“Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitəsidirsə, bu zaman sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır.
Qanunvericiliyin tələblərinə əsasən, baş vermiş qəza zamanı sərnişinlərin sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi üçün şəhərlərarası və beynəlxalq sərnişin daşımaları xidmətini həyata keçirən nəqliyyat vasitələrinin iki sığorta növü üzrə sığortalanması mütləqdir - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə”, - açıqlamada deyilir.
İSB-dən bildirilib ki, hadisə zamanı təqsirkar tərəf avtobus sürücüsüdürsə, o zaman sığorta ödənişi avtobusun Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə həyata keçiriləcək:
“Əgər hadisə zamanı digər nəqliyyat vasitəsinin təqsiri sübut olunarsa, zərər onun avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödəniləcək. Bu halda fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə ümumi 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 000 manat ödəniş həyata keçirilir.
Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitəsidirsə, bu zaman sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır. Bu halda üçüncü şəxslərin sağlamlığına dəyən zərərin ödənilməsi üzrə sığorta məbləğləri nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə 5 000 manat olaraq hesablanır. Ümumi sığorta ödənişi məbləği ilə əlaqədar maksimum hədd isə oturacaqların sayı ilə müəyyən olunur.
Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir”.
Həmçinin məlumatda qeyd olunur ki, əgər qəza baş verən anda təqsirli tərəf hesab olunan avtonəqliyyat vasitələri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalanıbsa, bu zaman zərərçəkənlərə və ya onların varislərinə hər iki növ üzrə sığorta ödənişi həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində 59 sərnişindən xəsarət alan 13 nəfər ilk olaraq Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Vəziyyəti ağır olan bir nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
İki nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazu sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
Mövzuya aid xəbərlər
- Məktəblilərin qəzaya düşdüyü avtobusun sürücüsü: “Özüm daşa vurdum” - VİDEO
- Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindi - YENİLƏNİB + VİDEO
- Şamaxıdakı qəzada xəsarət alan məktəblinin valideyni: “Oğlum şüşədən dərəyə düşdü” - VİDEO
- Məktəblilərin olduğu avtobusun qəzaya uğramasına görə məsuliyyəti kim daşıyır? - VİDEO
- Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Rəylər