16 
Noy
2022
15:40
20
130
3556
Virtual karabakh

Xəzərin köksündəki banka: “Allahın piri”ndə Darvinin adını daşıyan yataq... - REPORTAJ + FOTO

16 Noy, 2022
15:40
3556

Xəzərin köksündəki banka: “Allahın piri”ndə Darvinin adını daşıyan yataq... - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin köksündə bir banka... Özü də Darvinin adını daşıyan... Eşidəndə məndə qəribə təəssürat və gözləntilər doğuran bu məkana ilk dəfə gəlirəm. 

Söhbət “Darvin bankası” yatağından gedir.

Yatağın həndəsi quruluşu bankaya, küpəyə oxşadığına görə alim Çarlz Darvinin adına uyğun olaraq “Darvin bankası” yatağı adlandırılır. 

Yataq sovet dövründə kəşf olunduğu üçün o vaxt alimin adının verilməsi məqbul sayılıb. 

Bu yataq Pirallahı adasından 6 km şimal-şərqdə, Xəzər dənizinin nisbətən dayaz (10-25 m) hissəsində, Abşeron arxipelaqı zonasında yerləşir. Axtarış-kəşfiyyat işləri “Darvin bankası” yatağında 1949-cu ildən başlayıb və 1950-ci ildə 735 saylı quyuda QA horizontundan sənaye əhəmiyyətli neft alınıb. Bu ilin yanvarın 1-nə olan məlumata görə, yataqda 782 quyu qazılıb və qazılmaqda da davam edir. 

Oxu.Az-ın əməkdaşları SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Abşeron arxipelaqına daxil olan yataqlarında olublar. 

Ərazi Pirallahı rayonunda yerləşir. 

Kiçik arayış: Hələ antik dövr coğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var (ehtimal olunur ki, bu, Pirallahının tarixə məlum olan ilk adlarından biridir), bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur.

O zamanlar ada müqəddəs yer sayılır, gəlirlərinin bir hissəsi məbədə, bir hissəsi isə kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə Pirallahı adası qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı – yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII-VIII yüzilliklərdən sonra “pir” sözünə “Allah” da əlavə edilib və ada “Pirallahı” adlanmağa başlanıb.

“Pirallahı adası” yatağı Abşeron yarımadasından şərq istiqamətdə, Bakı şəhərindən 60 km aralıda, Xəzər dənizinin şelf zonasında yerləşir. 

Burada qazma işlərinin daha əvvəlki dövrdə aparılması ehtimal olunsa da, adada ilk neft istismar quyusu 1870-ci ilə təsadüf edir və 132 metr dərinlikdə olan quyudan neft çıxarılıb. 

1897-ci ildən axtarış-qazma işlərinə başlanıb və “Nobel qardaşları” şirkəti bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verib. Sənaye əhəmiyyətli ilk neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan alınıb. Həmin il “Pirallahı adası” yatağının işlənməsinin başlanğıcı sayılır.

Sahildən 520 metr aralıda, polad dirəklər üzərində 1935-ci ildə qazılmış 157 saylı quyu bu gün də işləyir.

“Pirallahı adası” yatağında ilk maili istiqamətləndirilmiş quyu da 1934-cü ildə qazılıb.

1935-ci ildə mühəndis N.S.Timofeyev dəniz sahillərində metal boru özüllərin quraşdırılmasını təklif edib. 1935-1936-cı illərdə Pirallahı adasının şimal-qərbində ilk dəfə dənizdə metal boru özüllər quraşdırılıb və qazma işləri başa çatdıqdan sonra bu sahədən gündə 150-300 ton xammal alınmağa başlayıb. 

Lakin qurğular müəyyən istismar həddindən sonra sıradan çıxdıqları üçün qarşıya məqsəd olaraq çətin dəniz şəraitində uzun müddət fəaliyyət göstərməyə qadir olan yeni texniki vəsaitlərin yaradılması qoyulmuşdu. 1938-ci ildə mühəndis N.Timofeyev fərdi metal özülün layihəsini təqdim edir və avadanlıqlar hazırlandıqdan sonra Pirallahı adasının şimalında kəşfiyyat-qazma işlərinə başlanır. Mühəndis N.Timofeyevin metal boru özüllər konstruksiyasının quraşdırılması ilə Xəzər dənizində dəniz özüllərinin hazırlanması texnikasında yeni istiqamət açılır.
 
Daha sonra İkinci Dünya müharibəsi başlayır və bu səbəbdən ancaq mövcud yataq mövcud infrastruktur hesabına istismar olunur. 

1947-ci ildən etibarən dünyada ilk dəfə olaraq dənizdə metal estakadaların tikintisinə başlanılıb. Həmin il ölkədə ilk dəfə olaraq tətbiq olunmuş bir özüldən müxtəlif istiqamətlərə maili quyular qazılması üsulundan sonralar başqa neft yataqlarının (o cümlədən, Qərbi Sibirdə) işlənilməsində də geniş istifadə edilib.

NQÇİ-nin Neft-qaz yataqlarının geologiyası və idarəedilməsi xidmətinin rəis müavini Kamran Ağayev qeyd edib ki, Azərbaycanda ilk dəfə torpaq özül tikməklə yeni neft quyularının qazılması məhz “Abşeronneft” NQÇİ-nin istismar etdiyi Pirallahı adasında həyata keçirilib:

“Yataqda ilk axtarış-kəşfiyyat işlərinə şəxsi mülkiyyətçilər tərəfindən 1897-ci ildən başlanılıb. Həmin ildə “Nobel qardaşları” şirkəti bir neçə kəşfiyyat quyusunun qazılmasını başa çatdırıb. 1902-ci ildə 44 saylı quyuda Qırməki lay dəstəsinin neftliliyi aşkar edilib. İşlənmənin əvvəlindən yataqda 1 200 quyu qazılıb. 

2014-cü ildə yatağın işlənməsinin intensivləşdirilməsi məqsədi ilə yatağın torpaqla qurudulmuş hissəsindən dəniz istiqamətinə quyuların qazılması başlanılıb və bu üsulla ümumilikdə 50 quyu qazılıb. Hazırda torpaq özüllərdən yeni quyuların qazılması və yeni özüllərin tikilməsi işləri davam etdirilir. “Pirallahı adası” yatağında hasil olunan neftin təxminən 40 faizi torpaq özüllərdən qazılan quyulardan əldə olunur”.

O qeyd edib ki, son illərdə dəniz səviyyəsinin kəskin düşməsi nəticəsində “Gürgan-dəniz” yatağında qazılmış quyuların istismarı qeyri-mümkün olub:

“Bu səbəbdən yatağın sahilə yaxın hissəsindən uzunluğu 1 200 m-ə yaxın olan torpaq yol çəkilib və torpaq özül tikilib. Yaxın gələcəkdə bu özüldən kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Torpaq özüllərin tikilməsi yeni dəniz özüllərinin tikintisi ilə müqayisədə iqtisadi baxımdan səmərəli olmaqla yanaşı, həmçinin quru ilə birbaşa əlaqəsi olduğu üçün istehsalat prosesində yubanmaların qarşısını alır. Belə ki, hava şəraiti ilə əlaqədar bəzən dəniz özüllərində müəyyən çətinliklərlə üzləşilir”.

“Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Pirallahı adası” yatağında yerləşən torpaq özüldə yaradılan səliqə-sahman buranı ilk dəfə görənlərin neft sənayesi haqda ənənəvi düşüncələrini tamamilə dəyişir. 

Mövcud quyu fondunun analizi, quyuların işləməsinə fərdi yanaşma, hasilatın stabil saxlanılması məqsədi ilə geoloji-texniki tədbirlərin icra olunması və yeni quyuların qazılaraq istismara daxil edilməsi hesabına son 10 ildə “Abşeronneft” NQÇİ-nin hasilatı üç dəfəyə yaxın artıb. 

SOCAR-ın istehsalat sahələrində qadınların da əməyini xüsusi qiymətləndirmək lazımdır.
“Abşeronneft” NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsinin əmtəə operatorları Kərimova MəbaniHümbətova Sədaqət 15 ildən artıq müddət ərzində bu peşəni sevgi ilə icra etdiklərini qeyd edirlər.

Quru sahənin sonunda sanki sonsuza uzanan estakada görünür. Səkkiz kilometr uzunluğa malik estakada yağışlı, soyuq payız günündə dalğaların nəğməsini dinləyir. 

Onun nəğməsini isə sahil və neftçilər əzbər bilirlər...

Daha çox şəkil burada: Photostock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri