Bu gün səhər saatlarında Binədə qəzaya düşən 160 nömrəli avtobus hələ də ərazidən götürülməyib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
"Hadisə səhər olub, artıq axşam saatlarıdır, amma avtobus hələ də qəza yerində qalır", - deyə məlumatda bildirilir.
Oxu.Az-a açıqlamasında 160 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların daşıyıcısı olan "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov faktı təsdiqləyib.
"Bəli, ərazidədir. Götürüləcək və avtobus parkına gətiriləcək", - deyə İ.Hüseynov bildirib.
O, avtobusun hansı səbəbdən bu qədər vaxt hadisə yerində qalmasına aydınlıq gətirməyib.
Binədə baş verən yol-nəqliyyat hadisəsinə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobusun səbəb olduğu bildirilir.
Bu barədə Oxu.Az-a açıqlamasında 160 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların daşıyıcısı olan "Çinar Trans" MMC-nin direktoru İsmayıl Yaqub oğlu Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hadisə 160 nömrəli avtobus Binə qəsəbəsində dayanacaqda sərnişin mindirib-düşürdüyü zaman baş verib:
"160 nömrəli avtobus Binədə dayanacaqda durduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslardan biri arxadan ona çırpılıb. Həmin avtobuslar Binədən metronun "Koroğlu" stansiyasına qədər qanunsuz fəaliyyət göstərirlər. "Hyundai" markalı avtobus elə gəldiyi sürətlə də bizim avtobusu arxadan vurub. Nəticədə avtobusumuza külli miqdarda maddi ziyan dəyib. Xəsarət alanlar isə əsasən vuran avtobusun sərnişinləri olub. Bizim avtobusdakı sərnişinlərdən bəzilərinə yalnız qırılan şüşələrin qırıntıları dəyib.
Həmin avtobuslar qanunsuz fəaliyyət göstərirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik, lakin buna baxmayaraq, fəaliyyətlərini davam etdirirlər", - deyə İ.Hüseynov bildirib.
Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Binə Sovxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 24-də saat 08:00-dan etibarən 13 nəfər (yeddi kişi, altı qadın) Sabunçu Tibb Mərkəzinə, doqquz nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
"Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki avtobusun toqquşması ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi ilkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Qəza bu gün saat 07:40-da baş verib. Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi "Hyundai" markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İSUZU markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə iki avtobusun toqquşması nəticəsində baş verib. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.