Bu gün səhər saatlarında Nəsimi rayonu, Moskva prospektində baş verən qəzanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, videonu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.
"Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər", - qurumun məlumatında qeyd edilib.
"Moskva prospektində baş vermiş yol-nəqliyyat hadisəsinə səbəb propan daşıyan maşının sürücünün idarəetməsindən çıxması olub".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli verib.

"Hadisə bu gün səhər saat 5:00-da qeydə alınıb. "Mercedes-Benz" markalı 77-JT-729 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İlqar Rəşid oğlu Məhərrəmov idarəetməni itirib. Nəticədə, avtomobil yol kəsişməsindəki maneəyə çırpılıb. Avtomobilin təyinatı propan daşımaq üçün nəzərdə tutulub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Qəzaya düşən avtomobil artıq yoldan götürülüb, hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır", - deyə R. Əhmədli bildirib.
Əzizə İsmayılova
Nəsimi rayonu, Moskva prospektində baş vermiş qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yolda hərəkət bərpa olunub.
Bakının Nəsimi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
