Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar.
Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb.
Hadisə zamanı sürücü Tacəddin Yusifov və 1966-cı il təvəllüdlü sərnişin Tovuz Axundova hadisə yerində həyatlarını itiriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.
Avtomobildə olan digər üç nəfər - Kənan Yusifov, Aynur Yusifova və Yusif Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanlar ixtisaslı tibbi yardımın davam etdirilməsi üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
Bildirilir ki, ailə Beyləqan rayonuna əsgər ziyarətinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (iki kişi, bir qadın) oktyabrın 17-də saat 10:30-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Oxu. Az-ın məlumatına görə, hadisə bu gün rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə Səmədabad kəndi ərazisində olarkən idarəetməni itirib və avtomobil kanala aşıb.
Hadisə nəticəsində sürücü və sərnişini, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüblər, avtomobildə olan 3 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan biri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya