Qax-Şəki avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan üç kişi 30 iyul 2026-cı il tarixində saat 17 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
TƏBİB-in məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində "Mercedes" markalı avtomobildə sərnişin olan 60 yaşlı Tacəddin Əhmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə zamanı "Mercedes"in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, eləcə də avtomobildə olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"Niva" markalı avtomobilin sürücüsü, 66 yaşlı Novruz Mənəfov da qəza zamanı xəsarət alıb.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.