Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dogruxeber.com saytının rəhbəri İlham Həsənov və saytın redaktoru Renar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Həsənov on, R.Həsənov isə beş il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, R.Həsənova, həmçinin 1 000 manat cərimə kəsilib.
İttihama görə, Renar Həsənov atası İlham Həsənov ilə əlbir olaraq ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edib. Onların bu əməlləri barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub və araşdırma aparılıb.
Hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub, məhkəmə qərarı ilə həbs edilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Samir Əli