Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seydimli kəndində baş verib. Kənd sakini Tural Ağayev (soyad şərtidir) 17 il əvvəl ailə həyatı qurub və cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib. Turalla həyat yoldaşı Gülnarə arasında tez-tez mübahisələr baş verib və bu mübahisələr polis əməkdaşları tərəfindən sakitləşdirilib.
Taksi fəaliyyəti ilə məşğul olan Tural bir neçə gün öncə evə gec gəlib və həyat yoldaşı da ondan narahat qalıb. O, evə gələndə Gülnarə ondan niyə evə gec gəlməsinin səbəbini soruşub. Bu söz Turalı əsəbiləşdirib və ər-arvad arasında mübahisə yaranıb. Nəticədə Tural qadına təpik və yumruq zərbələri endirib, saçından tutub otaqda sürüyüb.
Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Tərtər Rayon Məhkəməsində ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.