Aprelin 3-də Tovuz rayonunda qız qaçırma hadisəsi baş verib. Rayonun Əlibəyli kənd sakinləri nənəsigildə qonaq olan 18 yaşlı qızı qaçırıblar.
Baku TV-yə açıqlama verən oğlanın atası Cəlal Məmmədov gənclərin bir-birini sevdiyini bildirib:
"Qız özü deyib ki, oğlanı sevirəm, əgər ona getməsəm, özümü öldürəcəyəm. Onlar tətil günlərində vaxtlarını bir yerdə keçirirdilər. Artıq barışıq əldə olunub, qızın atası şikayət ərizəsini geri götürür. Qızın 18 yaşı tamam olub, yəni nikah yaşına çatıb".
Hadisəyə münasibət bildirən qızın nənəsi isə qeyd edib ki, gənclər əvvəllər bir-birlərini sevsələr də, sonradan qız bu izdivacı istəməyib. Onun sözlərinə görə, məhz bu səbəbdən oğlan qızı qaçırmaq qərarına gəlib. Lakin nənə hazırda tərəflərin razılığa gəldiyini təsdiqləyib.
Məlumata görə, ailələr arasında yaranan narazılıq artıq həllini tapıb və şikayət geri götürülüb.
Tovuzda qaçırılan qızın nənəsi və oğlanın atası açıqlamalar veriblər.
Oxu.Az xəbər verir ki, qaçırılan qızın nənəsi Elminaz Cəfərova "Teleqraf"a bildirib ki, nəvəsi qaçmağa razılıq verməyib:
"Bir-birilərini yeni tanımışdılar. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideynləri də razı deyildilər. Qız bizə qonaq gəlib-gedirdi".
Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: "Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var".
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.