Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək - FOTO
“Tədbirdə 1700-dən çox ziyarətçinin iştirakı təsdiqlənib”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə deyib.
O bildirib ki, iştirak sayı limitli olacaq:
“Tədbirdə 14 yerli, 27 xarici şirkət olmaqla ümumilikdə 41 şirkət öz həll yollarını təqdim edəcək. Ümumilikdə 41 şirkətin öz məhsulu təqdim edəcəyi platformada 5 dövlət qurumu, kiçik və orta biznesin inkişafı agentliyinin dəstəyi ilə 8 startap layihəsi də öz həllərini təqdim edəcək”.
Altı istiqamətdə xüsusi təlimlər, eləcə də yarışlar keçiriləcək. Təşkilatçılar, ziyarətçilər və mətbuat işçiləri üçün xüsusi qidalanma zonaları nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə keçiriləcək “Hack the Future” təlimlərində müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun kibertəhlükəsizlik üzrə altı ödənişsiz ustad dərsi təşkil olunmaqla 360 iştirakçının peşəkar biliklərinin artırılması və sertifikatlaşdırılması həyata keçiriləcək.
İki gün davam edəcək informasiya təhlükəsizliyi konfransında kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyaları, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti yaranacaq.
Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək “Kibermüharibə” yarışında dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni texnoloji həllərlə tanışlıq, ixtisasartırma təlimləri nəzərdə tutulub.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər