Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
21 yaşlı qitə çempionumuz: ABŞ-dan mənə kumirim olduqlarını yazırlar
Uzunluğa tullanma üzrə atlet Nazim Babayev ötən ay Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə keçirilmiş atletika üzrə Avropa çempionatında qalib olmaqla Azərbaycanın tarixinə düşdü. O, üç təkanla tullanmada 17,29 metr nəticə göstərməklə Avropada hamıdan güclü oldu.
Oxu.Az bu münasibətlə 21 yaşlı atletimizdən müsahibə götürüb.
– Karyeranıza necə başlamısınız?
– İdman karyerama 2003-cü ildə – altı yaşım olanda başlamışam. Futbola yazılmaq istəyirdim. Uşaqlıqdan həvəsim futbola, karateyə idi. Sırf “Neftçi”yə yazılmaq üçün nənəmlə anam məni İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna aparmışdı. Amma orda stadionun ovaxtkı direktoru Məmmədəli Məmmədov məsləhət gördü ki, ilk növbədə atletika ilə məşğul olum.
Dedi ki, sümüyüm bərkiməli, bədənim formalaşmalıdır. Buna görə 2003-cü illərin sonlarından ovaxtkı “Neftçi” İSM-də atletika ilə məşğul olmağa başladım. Sonradan bu idmana marağım artdı və elə o vaxtdan atletika ilə məşğul oluram. O vaxtdan da məşqçim Ziyad Xalfayevdir. O, iyirmi ildir ki, “Neftçi”də məşqçi işləyir. Hardasa beş-altı ildir ki, özüm də peşəkar idmançı kimi bu klubun üzvüyəm.
– Məşqçiniz qısa söhbətdə bildirdi ki, sizi özü tapıb...
– Məşqlərə gələndən bir il sonra tez-tez xəstələndim deyə, hazırlıqları buraxmalı oldum. Amma Ziyad müəllim valideynlərimə inadla bildirdi ki, məni məşqlərə qaytarmaq lazımdır. Yenidən idmana qayıtmağımda onun böyük rolu olub. Məni məşqlərə babam gətirməyə başladı.
– Bəs indi futbola marağınız necədir? Atletika sizi bu idmandan soyutmayıb?
– Yox, yenə futbola baxıram. Sadəcə olaraq, indi futbolla məşğul olmaq maraqlı deyil.
– Atletika Azərbaycanda o qədər də nəticə gətirən idman növü olmayıb. Valideynlərin müəyyən müddətdən sonra sizi nə əcəb bu idmandan daha çox nəticə verdiyimiz idman növlərinə yazdırmadı?
– Heç kim fikirləşmirdi ki, mən gəlib bu səviyyəyə çatacağam və peşəkar şəkildə bu idmanla məşğul olacağam. O vaxt sağlamlıq və maraq üçün məni bu idmana yazdırmışdılar. Sonralar mənim bu idmandakı perspektivimi görüncə, saxladılar.
– Atletikanın müxtəlif növləri var. Niyə məhz atletikanın tullanma növünü seçdiniz?
– Məşqçim də idmançı vaxtlarında uzunluğa tullanma ilə məşğul olub. Atletikada uzunluğa tullanmadan başqa, sprint qaçışlarında da gücümü sınamışam. 2010-cu ildən artıq sırf üç təkanla tullanmada çıxış etməyə başladım.
Uşaq yaşlarında üç təkanla tullanmaqla məşğul olmaq olmaz. Çünki bu, atletikanın ən çətin növlərindən biridir, onurğa sütununda və dizlərdə ciddi zədələrə gətirib çıxara bilər. 2012-ci ildə bu növdə ilk beynəlxalq yarışıma çıxdım. Bir sözlə, həm məşqçim məni atletikanın bu növünə yönəltdi, həm də özümün bu növdə kumirlərim vardı.
– Kim idi onlar?
– Ən çox fransalı dünya çempionu Tedi Tamqonun videolarına baxırdım. O, 2013-cü ildə Moskvada dünya çempionu olub, indi artıq məşqçilik edir. O, karyerasını bitirdikdən sonra kumiri olduğum elə bir idmançı yoxdur. İndinin özündə də Tamqonun videolarına baxıb, nəsə öyrənməyə çalışıram.
– Sonuncu dəfə Milli Olimpiya Komitəsində media qarşısına çıxarkən belə bir cümlə işlətmişdiniz ki, vaxtı ilə 34 yaşlı portuqaliyalı Nelson Evuranı televizorda izləyirdin, indi isə yarışda ona qalib gəlirsiniz...
– Tedi Tamqonun məşqçisi hazırda həmin portuqaliyalı idmançını çalışdırır. Həmin məşqçi də vaxtilə dörd və ya beş dəfə uzunluğa tullanmada dünya çempionu olub. Dediyim kimi, portuqaliyalı idmançının 2008-ci ildə Pekində Olimpiya çempionu olmasına baxmışdım. İndi isə tale elə gətirib ki, bir-birimizə rəqib olmuşuq.
– 2017-ci ildə Kubadan Aleksis Kopelyonu yığmaya gətirildi. O, milliləşdirilərkən sizdə müəyyən qısqanclıq yarandımı?
– Onun gəlməyi mənə o qədər də xoş olmadı. Çünki fikirləşirdim ki, mən varamsa, legioner nəyə lazımdır? Amma qarşıma məqsəd qoymuşdum ki, İslam Həmrəyliyi Oyunlarında ondan güclü olmalıyam. O da peşəkar güclü idmançıdır. Amma ona heç nə deməmişəm. Bu, sağlam rəqabətdir. Onsuz da o, Kuba adından da olsa mənə hansısa yarışda rəqib olacaqdı. Nə sevinirəm ki, o gəlib, nə də onun gəlişinə çox böyük önəm verirəm.
– Görünür, bu sizə daha çox stimul verdi və İslamiadada məhz onu məğlub edərək qızıl medalı qazandınız...
– Əlbəttə. Ona beşinci cəhddə qalib gələ bildim. 17 metr, 15 santimetr (17,15 metr) məsafəyə tullanaraq onu qabaqladım. Ancaq o, respublika çempionatında artıq rəqibdir (gülür).
– Təxminən nə qədər Azərbaycan çempionluğunuz var?
– İyirmidən çoxdur. Həm uzunluğa tullanmada, həm də üç təkanla tullanmada çempion olmuşam.
– Niyə beynəlxalq yarışlarda uzunluğa tullanmada gücünüzü sınamırsınız?
– Uzunluğa tullanmada perspektivim o qədər də böyük deyil. Bugünkü nəticəm 7,54 metrdirsə, onu yaxşılaşdırıb 8 metr edə bilərəm. Amma bu nəticə heç dünya çempionatının final mərhələsinə çıxmaq üçün kifayət etmir. Orada rəqabət çox güclüdür. Çünki 8 metrdən uzağa tullana bilən dünyada çoxlu sayda idmançı var. Ona görə də çox çətindir. Üç təkanla tullanmada isə təxminən 15-20 nəfər 17 metrdən uzağa tullana bilir.
– Avropa çempionu olduqdan sonra həyatınızda dəyişiklik oldumu?
– Daha çox insan məni tanıdı. Dəyişiklik əsas bundan ibarət oldu. Əvvəl də yeniyetmələr və U-23-lər arasında Avropa çempionu olmuşdum. Amma bu qədər diqqət mərkəzində deyildim. Özüm də başa düşürəm ki, artıq böyüklər arasında Avropa çempionuyam. Bu, artıq tarixin silinməyən bir hissəsidir. İndi isə ABŞ-dan belə mənə yazırlar ki, sənin kumirinik (gülür).
– “Instagram” profilinizdə artım oldu?
– Bəli. İzləyicilərin, “like”ların, yazanların sayı artdı. Düzdür, özüm də gəncəm, 21 yaşım var. Amma gənclərə nədəsə örnək oluramsa, bu, artıq sevindirici haldır.
– İngilis dilini hansı səviyyədə bilirsiniz?
– Orta səviyyədə.
– 2017-ci ildə sizin ingilis dilində verdiyiniz müsahibənizi görmüşəm. Hiss olunur ki, yaxşı bilmirsiniz, amma çulunuzu sudan quru çıxara bilirsiniz...
– Bəli, o, U-23-lərin Avropa çempionatının qalibi olanda məndən alınıb. Bu dəfə də ingiliscə müsahibə vermişəm. Bu dəfə daha yaxşı danışmışam. Təbii ki, ingilis dilini təkmilləşdirmək lazımdır. Beynəlxalq yarışlara getdikdə çox lazım olur. Özüm də mövsümlərarası məşqlərim olmayanda ingilis dilindən hazırlıqlara gedirəm.
– Xətti keçmək idmançıların atletikada ən xoşlamadığı bir şey hesab olunur?
– Əlbəttə. Avropa çempionatında bir cəhdim vardı. Orda 17,40 metr nəticə göstərə bilərdim. Amma xətti keçdiyim üçün həmin cəhdim sayılmadı. Bundan heç kim sığortalanmayıb. Bu, dünya səviyyəli idmançılarda çox olur.
– 17,29 metrə tullanmaqla U-23-lər arasında Azərbaycan rekordu qırdınız. Bəs böyüklər arasında Azərbaycan rekordu kimə məxsusdur?
– 17,32 metrə lap çoxdan tullanıb rekord edən olub. Həmin adamın adı, səhv etmirəmsə, Vasifdir.
– Real yanaşsaq, dünya və Avropa rekordu qırmağınız mümkündürmü?
– Rekordlarım çoxdur. Hətta U-20 Avropa çempionatının rekordunu qırmışam. Amma dünya və Avropa rekordu açıq havada 18,29 metrdir. Onu qırmaq üçün Allahdan daha çox güc istəməliyəm ki, o nəticəyə çatım. Hazırda deyə bilmərəm ki, o rekordu qıraram. Bunu zaman göstərəcək.
– Belə ümumiləşdirsək, dünya çempionu olmaq dünya rekordu qırmaqdan daha asandır...
– Əlbəttə. 17,80 metrə tullanmaqla dünya çempionu ola bilərsən. 17,92 metr qapalı manejdə dünya rekordudur. Nisbətən onu qırmaq əlçatan görünür. Onu da qeyd edim ki, o vaxtlar qeydə alınan nəticələrə görə dopinq nəzarəti də güclü deyildi. İndi isə idmançılar nəticələri öz gücünə qazanır. Ona görə göstəricilər də aşağı düşür.
– Heç olubmu ki, öz gücünüzü qaçışçılarla da sınamısınız?
– Bəli. Mən hətta iki il bundan əvvəl qaçış üzrə Azərbaycan çempionu da olmuşam. Amma qaçış daha çətindir. Orda daha çox fiziki güc tələb olunur. Amma atletikanın ən çətin növü şüvüllə tullanmadır.
– Avropa çempionu olduqdan sonra sizə yeni sponsorlardan təkliflər gəlir?
– Hazırda “Adidas” və “Redbull”la əməkdaşlıq edirəm. Onların videoçarxlarında çəkilirəm. İdmançıya sponsor çox lazımdır. Əslində, 2017-ci ilədək “Nike” ilə əməkdaşlığım vardı. Sonra məndə zədələr oldu və mənimlə əməkdaşlığı dayandırdılar. Hardasa bir il sponsorsuz qaldım. Şotlandiyaya – Avropa çempionatına getməzdən öncə isə “Adidas”la anlaşdım. Onlar Avropa çempionatı öncəsi məni geyimlə təmin etdilər. Bir gün sonra isə mən çempion oldum. Hazırda “Adidas”ın sponsorluq etdiyi idmançılar arasında tullanma üzrə ən güclü atletəm.
– Binaların üstündən tullanan insanların videoçarxlarını tez-tez görürük. Sizə belə təkliflər gəlmir ki?
– Əslində, “Red Bull”dan maraqlı layihə təklifi gəlib. Qışda bu barədə söhbətimiz olmuşdu. İndi bu məsələni dəqiqləşdirməliyik.
– Hazırda Türkiyəni təmsil edən dünya və Avropa çempionu Ramil Quliyevlə münasibətləriniz necədir? Onunla əlaqələriniz qalır?
– Əlbəttə. O da bir azərbaycanlıdır. Hər bir insanın qərarına hörmətlə yanaşmaq lazımdır. Türkiyədəki təlim-məşq toplanışlarında üz-üzə gəlirik. Münasibətlər normaldır.
– Ramil Quliyev Türkiyədə ilin atleti seçildi. Siz bu il həmin nəticəni Azərbaycanda təkrarlaya bilərsiniz?
– 2017-ci ildə Gənclər və İdman Nazirliyinin 10 ən yaxşı idmançısı arasına düşmüşəm. Düşünürəm ki, bu il də bu sırada yer ala bilərəm. Hələ ki, bu il üçün dünya və ya Avropa çempionumuz yoxdur.
– Sizdən başqa, hazırda atletikada Azərbaycana medal gətirə biləcək idmançı var?
– Uzunluğa tullanmada 2001-ci il təvəllüdlü idmançı var. Yeniyetmələr üzrə Avropa üçüncüsü olub. Sprint qaçışlarında yaxşı nəticə göstərə biləcək qızlarımız var.
– Hazırda dünya reytinqində neçənci yerdəsiniz?
– Əslində, köhnə sistemlə beşinci yerdəyəm. Hazırda nəticəm dünyada beşincidir. Amma martın 20-dən xal sisteminə keçilib və bu sistemlə 16-cıyam. Yəni nəticələri məndən zəif olan idmançılar bu sistemlə məndən qabaqdadırlar.
Səbuhi MUSAYEV
FOTO: Ramil ZEYNALOV
Rəylər