Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azad Rəhimov: Gəncin inkişafı ölkənin inkişafı deməkdir
Sentyabrın 26-da İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun (İƏTİKDƏGF) “Müsəlman gənclərin vəziyyəti” mövzusunda beynəlxalq konfransı keçirilib.
Gənclər və İdman Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Müsəlman gənclərinin qarşılaşdıqları əsas problemləri həll etmək üçün gənclər sahəsində fəaliyyət göstərən dövlət orqanlarına, ictimai təşkilatlara istiqamət verib, vasitələr tapmaq baş tutan konfransın əsas müzakirə istiqamətlərindən olub. Müsəlman gənclərin qarşılaşdıqları problemlərin həlli yolunda onlar arasında koordinasiyanın gücləndirilməsinə diqqət yetirilməsi də beynəlxalq konfransda müzakirə edilib.
Nazir 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması və ötən müddət ərzində gənclərin inkişafı istiqamətində imzalanan Dövlət Proqramları, “2015-2025-ci illər Gənclərin inkişaf strategiyası”, ideya və təkliflərin bir araya toplandığı forumların keçirilməsi və digər mühüm əhəmiyyət kəsb edən mövzular haqqında məlumat verib: “İmzalanan hər bir Dövlət Proqramı gənclər siyasətinin inkişafı ilə bərabər, hər bir gəncin ayrı-ayrılıqda bir fərd olaraq inkişafına yönəlib. Çünki gəncin inkişafı ölkənin inkişafı deməkdir. Bu fikir cənab prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasını özündə təcəssüm etdirir.”
Nazir İstanbula səfəri çərçivəsində İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzinin (SESRİC) icraçı direktoru Musa Kulaklıkaya, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah Bin Ghanim Al Ali, Türkiyə Cümhuriyyətinin gənclər və idman naziri Osman Aşkin Bak, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun vitse prezidenti Abdurrahman Topbaş, Fələstin Dövlətinin gənclər və idman üzrə yüksək müşaviri Jibril Rajoub ilə görüşlər keçirib. Bununla yanaşı, nazir Türkiyənin "TRT" və "Kanal 24" kanallarına müsahibə verib.
E.Ə.
www.oxu.az