Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO
Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, beş gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb.
Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib.
Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kiloqram) qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl medala sahib olub. 57 kiloqramda Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan) döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına yiyələnib.
Onların uğurunu Tayfur Əliyev (63,5 kiloqram) də təkrarlayıb. Avropa Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan) güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Digər boksçularımızdan Əzrək Bəbirov (60 kiloqram), Murad Allahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kiloqram) ikinci yeri tutublar.
Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) birinci, Mehparə Məmmədova (48 kiloqram), Günel Rəhimova (50 kiloqram), Lalə Namazlı (63 kiloqram) ikinci, Anaxanım İsmayılova (50 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva, Aysu Dərvişova (hər ikisi 60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kiloqram), Sərxan Budaqovla (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) üçüncü olub.
Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.
Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçu, Nəsrəddin Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.
11:48
Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ənənəvi yarışın yarımfinal görüşlərindən sonra buna aydınlıq gəlib.
Həsən Məlikov (48 kq) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.
Şamil Əsgərov (57 kq) Buzurqmehr İskanovla (Tacikistan) dueldən üstün ayrılıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). O, qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.
Əzrək Bəbirov (60 kq) özbəkistanlı Sayat İlyasovdan güclü olub - 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.
Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçu finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.
Beləliklə, bu gün baş tutacaq finallarda rinqə çıxacaq Azərbaycan boksçularının sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) bu hüquqa yiyələnmişdilər. Onlar müvafiq olaraq Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.
Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) yarımfinalda məğlub olaraq bürünc medal qazanıblar.
Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri iki qızıl, üç gümüş və dörd bürünc medalla bitirib.
Rəylər