Artıq bir neçə saatdan sonra uzun zamandır gözlənilən və hazırlıqları gedən IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Builki oyunlar 12-22 may tarixləri arasında Bakıda baş tutacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Oxu.Az “ACT Azərbaycan” şirkətinin aprelin 19-dan mayın 1-dək Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.
Rəyi soruşulmuş Bakı sakinlərinin böyük əksəriyyəti IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən xəbərdardır (85%). Respondentlərin yarıdan çoxu idman oyunlarını televizor qarşısında və ya internet vasitəsilə izləyəcəyini bildirib (58%).
İslamiadada çıxış edəcək komandaları arenalardan dəstəkləyənlər nisbətən azdır (13%).
Respondentlərin beşdə biri isə idman oyunlarına maraq göstərmir (21%). Rəyi soruşulanların 8%-i isə oyunları izləməklə bağlı konkret bir qərara gələ bilməyib.
Qeyd edək ki, sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

U.A.
www.oxu.az