“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, sentyabrın 28-də, klubun rəsmi saytında məlumat verilib.
“Mövsümün əvvəlindən komandanın çıxışı bizi qane etmirdi”, - “Bavariya”nın İdarə Heyətinin sədri Karl-Haynts Rummeniqqe bəyan edib. Onun sözlərinə görə, klubun idman direktoru Hasan Salihamidziç Ançelottini qərar barədə məlumatlandırıb.
İtaliyalı mütəxəssislə yanaşı komandanı onun qərargahının bir sıra üzvü də tərk edəcək. Müvəqqəti olaraq baş məşqçi vəzifəsini Ançelottinin köməkçisi 40 yaşlı Villi Sanol təyin edilib.
Xatırladaq ki, “Bavariya” sentyabrın 27-də çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində səfərdə Fransanın PSJ komandasına 3:0 hesabı ilə uduzub.
Almaniya çempionatında 6 turdan sonra münhenlilər 13 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar.
S.B.
www.oxu.az