İngiltərənin "Brayton" klubunun və Yaponiya milli komandasının yarımmüdafiəçisi Kaoru Mitoma Tokioda yol-nəqliyyat hadisəsi törədib.
Oxu.Az "Livedoor News" nəşrinə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında paytaxtın İtabasi rayonunda qeydə alınıb.
Futbolçunun idarə etdiyi avtomobil yolayrıcında velosipedlə toqquşub. İlkin məlumatlara əsasən, piyadalar üçün yanan yaşıl işığa başı qarışan Mitoma avtomobili qırmızı işıqda idarə edərək qəzaya şərait yaradıb.
Zərbənin təsirindən velosipedi idarə edən qadın yüngül xəsarətlər alıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar, onlar baş verənlərin bütün hallarını araşdırır və insidentin şahidlərini dindirirlər.
Qeyd edək ki, Mitoma 2026-cı il dünya çempionatının final turniri üçün Yaponiya millisinin 26 nəfərlik heyətinə daxil edilməmişdi. İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Vulverhempton"la keçirilən matçda (3:0) dizaltı vətərindən zədə alan futbolçu "Lids" və "Mançester Yunayted"ə qarşı son iki oyunu da buraxmalı olmuşdu.