"Bu il "Formula-1" Azərbaycan Qran-prisinin 10 illiyi qeyd olunacaq".
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Əməliyyatları üzrə baş mütəxəssis Arifə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, yubiley Qran-prisinə hazırlıq çərçivəsində könüllü proqramına müraciətlər artıq 10-cu dəfə aprel ayında qəbul edilib. Müraciətlərin açıq olduğu ilk üç gün ərzində 49 mindən çox gənc proqrama qoşulmaq üçün qeydiyyatdan keçib.
Arifə Əliyeva bildirib ki, 2016-cı ildən bu günədək 20 mindən çox gənc "Formula-1" Azərbaycan Qran-prisinin təşkilində könüllü kimi iştirak edib.

"BCC Akademiyanın yaratdığı bu fürsətdən yararlanan, tədbirin təşkili prosesini yaxından təcrübə etmək imkanı qazanan və yaxşı nəticələr göstərən 400-dən çox gəncimiz sonrakı illərdə işçi qüvvəsi kimi də tədbirin təşkilinə cəlb olunub. Biz insan kapitalının yaradılmasında maraqlıyıq və bu il bu rəqəmlərin daha da artacağına əminik", - deyə o qeyd edib.
O vurğulayıb ki, könüllü proqramının şəffaf, əlçatan və keyfiyyətli şəkildə təşkil olunması, eləcə də strategiyanın daim yenilənməsi yüksək marağın əsas səbəblərindəndir.
Hazırda BCC Akademiyada təlimlər mərhələsi yekunlaşmaq üzrədir. Paralel olaraq dünyanın müxtəlif ölkələrindən müraciət edən 1550-yə yaxın beynəlxalq könüllü ilə onlayn müsahibə və təlimlər keçirilir.
Arifə Əliyevanın sözlərinə görə, beynəlxalq könüllülərin sayının hər il artması proqramın beynəlxalq səviyyədə də böyük maraq doğurduğunu göstərir. Bu il beynəlxalq könüllülər üzrə müraciətlərin sayı indiyədək ən yüksək göstəriciyə çatıb.
O əlavə edib ki, könüllü proqramı vasitəsilə karyerasına başlayan və hazırda tədbirlərin idarə olunması sahəsində fəaliyyət göstərən gənclər də var.
Könüllülərin Qran-pri çərçivəsində fəaliyyəti forma və akkreditasiya prosesləri ilə başlayacaq. Bu il ümumilikdə 2 000-ə yaxın gəncin "Formula-1" Azərbaycan Qran-prisinin təşkilinə könüllü kimi cəlb olunması nəzərdə tutulur.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.
Daha çox foto burada: PhotoStock.az