2017/18-ci il mövsümünün futbol üzrə Çempionlar Liqasının final matçı Kiyevdə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün Ukrayna prezidenti Petr Poroşenko “Facebook” səhifəsində yazıb.
“Çempionlar Liqasının finalı 2018-ci ildə Ukraynada baş tutacaq. İndicə UEFA 2018-ci ildə Çempionlar Liqasının final mərhələsinin Kiyevdə keçirilməsinə dair qərar qəbul edib. Bu, bizim hamımız, xüsusilə də ukraynalı azarkeşlər üçün yaxşı xəbərdir. Əminəm ki, bu finalı yüksək səviyyədə keçirəcəyik”, - Poroşenko yazıb.
UEFA öz saytında Çempionlar Liqasının 2017/18-ci il mövsümünün həlledici matçının Kiyevdə keçiriləcəyini təsdiqləyib.
Xatırladaq ki, 2015-ci ilin aprelində Ukraynanın Futbol Federasiyasının rəhbəri Andrey Pavelko Kiyevin “Olimpiya” milli idman kompleksinin Çempionlar Liqasının 2017/18-ci və ya 2018/19-cu illər mövsümünün finalının keçirilməsinə namizədliyini irəli sürəcəyini bildirmişdir.
“Köhnə dünya”nın nüfuzlu klub turnirinin hazırkı mövsümünün finalı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə “Millenium” stadionunda keçiriləcək.
S.B.
www.oxu.az