DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ yığmasına qarşı keçirilən matçda (4:1) Belçika millisinin futbolçuları Romelu Lukakunun dördüncü qolunu ABŞ Prezidenti Donald Trampın rəqsini parodiya edərək qeyd ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Belçika yığması görüşdə dördüncü qolunu vurduqdan sonra bir neçə futbolçu bunu Ağ Ev liderinin ombalarını yırğalayaraq yumruqlarını yavaşca yellədiyi "Tramp rəqsi"nə bənzər üslubda qeyd ediblər. Bu rəqs 2024-cü ildə ABŞ-də keçirilən prezident seçkisi kampaniyası zamanı populyarlıq qazanmışdı.
Qeyd edək ki, sözügedən qarşılaşmadan əvvəl qalmaqal yaşanıb - FIFA-nın İntizam Komitəsi ABŞ millisinin ən yaxşı bombardiri Folarin Baloqanın belçikalılara qarşı matçda əvvəllər aldığı qırmızı vərəqəyə görə çəkməli olduğu cəzanı sınaq müddəti ilə əvəzləyib. Tramp bu məsələ ilə bağlı FIFA rəhbəri Canni İnfantinoya zəng etdiyini bildirsə də, ona konkret nə etməli olduğunu demədiyini vurğulayıb.
İnfantino qeyd edib ki, İntizam Komitəsi belə qərarları müstəqil şəkildə qəbul edir və o bu barədə sonradan məlumatlı olur. Baloqanın matça buraxılmasına Belçika Futbol Federasiyası, UEFA və bir sıra futbol xadimləri etiraz ediblər. Nəticədə, Baloqan meydana start heyətində daxil olub.
Xatırladaq ki, DÇ-2026-nın 1/4 final mərhələsində Belçika yığması iyulun 10-da Los-Ancelesdə İspaniya millisi ilə qarşılaşacaq.