Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika və İngiltərə milliləri arasında keçiriləcək oyunla bağlı təhlükəsizliyin təmin edilməsi üzrə polis əməliyyatı İngiltərə yığmasının tarixində müşayiət olunan ən böyük əməliyyat olacaq.
Oxu.Az bu barədə "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir.
Meksikalı rəsmilər daha əvvəl bildiriblər ki, iyulun 6-da (Bakı vaxtı ilə saat 04:00-da) oyunun baş tutacağı "Asteka" stadionunun ətrafında 7.5 min polis əməkdaşı növbətçilik edəcək. Müqayisə üçün qeyd edək ki, Londonun "Uembli" stadionunda keçirilən Avro-2020-nin final oyununda bundan dörd dəfə az polis cəlb olunmuşdu.
Nəşr yazır ki, matç günü Mexiko küçələrinə milyonlarla insanın çıxacağı gözlənilir və bu, ingiltərəli azarkeşləri indidən qorxudur. Məqalədə deyilir ki, bir çox ingilis artıq küçələrdə üzərində "üç şir" emblemi olan formalarla gəzməməyə üstünlük verir. Ümumilikdə isə Meksika paytaxtında səkkiz minə yaxın ingiltərəli azarkeş var.
Paytaxtda təhlükəsizliyin təmin edilməsinə 17 mini polis olmaqla, ümumilikdə 40 min əməkdaş cəlb olunacaq.